Avqustun 30-da Naxçıvan Dövlət Milli Dram Teatrında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunların mükafatlandırılması tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Naxçıvan təhsilinin yeni uğurunu qeyd etməkdən məmnunluğunu ifadə edib, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin tədbir iştirakçılarına salamlarını, uğur qazanmış məzunlara, onların müəllimlərinə və valideynlərinə səmimi təbriklərini çatdırıb.
Baş nazir bildirib ki, 2023-2024-cü tədris ilində Naxçıvan Muxtar Respublikasında 4569 şagird ümumi orta təhsil səviyyəsini, 3500 şagird tam orta təhsil səviyyəsini başa vurub. Təhsili xüsusi nailiyyətlərlə başa vuran 8 şagird qızıl, 1 şagird gümüş nişana, 256 şagird isə fərqlənmə attestatına layiq görülüb. Tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatına layiq görülən şagird sayı ötən illə müqayisədə 3 dəfə çox olub. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində 327 məzun 500-700, o cümlədən 222 nəfər 500-600, 78 məzun 600-650, 27 şagird isə 650-700 intervalında bal toplayıb. Ötən illə müqayisədə yüksək nəticə göstərən məzunların sayı 67 faiz artıb. Bu da muxtar respublikada son 5 ildə əldə olunan ən yüksək göstəricidir.
Ceyhun Cəlilov diqqətə çatdırıb ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin ixtisas seçiminin birinci mərhələsində muxtar respublika üzrə ümumilikdə 1835 məzun ali təhsil müəssisələrinə qəbul olunub. Onların 946-sı ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universiteti, 163-ü Naxçıvan Müəllimlər İnstitutu, 32-si isə Qarabağ Univesitetini seçib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Gültəkin Rüstəmova ötən tədris ilində əldə olunan ümumi nəticələr barədə məlumat verib. Bildirib ki, 2023-2024-cü tədris ilində 8 şagird buraxılış imtahanlarında 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Ümumilikdə 292 şagirdin 250-300 bal intervalında nəticə göstərməsi muxtar respublika şagirdlərinin yüksək hazırlıq səviyyəsini təsdiqləyir. Ölkə üzrə muxtar respublikanın ümumtəhsil məktəbləri ən yüksək göstəricilər baxımından ikinci yerdə qərarlaşıb. 600-700 bal intervalında nəticə əldə edən məzun sayında da əhəmiyyətli dərəcədə artım olub. 2022-2023-cü tədris ilində bu nəticəni göstərən məzunların sayı 42 olmuşdursa, 2023-2024-cü tədris ilində isə bu say 104 nəfərə yüksəlib. Məhz bu göstəricilər ötən tədris ili ilə müqayisədə 2,5 dəfə çoxdur.
Valideynlər adından çıxış edən Ordubad rayonunun Dırnıs kənd tam orta məktəbinin direktoru Taleh Qasımov öz övladı da daxil olmaqla rəhbərlik etdiyi məktəbin 8 məzununun hər birinin tələbə adını qazandığını, həmin məzunlardan birinin artıq Qarabağ Universitetinin tələbəsi olduğunu bildirib, bu uğurları ölkə başçımızın rəhbərliyi ilə yaradılan müasir təhsil şəraiti və gələcəyimiz olan gənclərə göstərilən qayğının nəticəsi kimi dəyərləndirib.
Ali məktəblərə keçirilən qəbul imtahanlarında 691.9 bal toplayaraq muxtar respublika birincisi olan Kənan İsmayıllı əldə etdiyi uğurun təməlində hədəf və onun uğrunda çox çalışmaq, eyni zamanda dövlətimizin yaratdığı müasir tədris şəraiti, valideynlərinin və müəllimlərimin əməyi və dəstəyinin dayandığını bildirib. Ümummilli Liderimizin “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir”, - fikirlərini dilə gətirən muxtar respublika birincisi yüksək nəticə göstərən məzunlar adından dahi Heydər Əliyev ideyalarının davamçıları olacaqlarına, Azərbaycan gəncliyinin adını daim zirvələrdə tutacaqlarına və ölkəmizin çiçəklənməsinə öz töhfələrini verəcəklərinə söz verib.
Sonra 500-700 intervalında nəticə əldə etmiş məzunlar mükafatlandırıb.
Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilov mükafatları təqdim edib, tədbirdə iştirak edən məzunlarla xatirə fotosu çəkdirib.