Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur. Rabitə xətlərinin texniki normlara uyğunlaşdırılması, internet tutumlarının artırılması, yeni telefon çəkilişlərinin aparılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlər Naxçıvan şəhərinin bir neçə yaşayış məntəqəsini əhatə edib. Belə ki, hazırda 48-ci məhəllədə zədələnmiş kabellər yeni kabellərlə əvəz olunur, paylayıcı şkaflarda zəruri texniki tədbirlər həyata keçirilir. Görülən işlər həmin ərazilərdə yeni rabitə infrastrukturunun yaradılmasına, əlavə telefon çəkilişlərinə və internet xətlərinin yenilənməsinə şərait yaradacaqdır.
Həmçinin, Naxçıvan şəhərində fiber-optik xətt çəkilişi də davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Hərbi Prokurorluğu və Naxçıvan Şəhər Prokurorluğunun yerləşdiyi inzibati binalarına fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.