Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə vətəndaşlara fasiləsiz rabitə və internet xidmətlərinin göstərilməsi, mal-material ehtiyatının yaradılması barədə tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan şəhərində payız-qış aylarında sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, Nazirliyin aid mütəxəssisləri tərəfindən yerlərdə rabitə xətt təsərrüfatının vəziyyəti təhlil edilir, qəzalı vəziyyətdəki xətt və dirəklər dəyişdirilir, müvafiq mal-material ehtiyatı yaradılır.
Əliabad qəsəbəsində və Qaraçuq kəndində də bu istiqamətdə işlər davam etdirilir. Sakinlərin payız-qış aylarında keyfiyyətli rabitə və internet xidmətlərindən istifadə etmələri üçün yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri metal dirəklərlə əvəz olunur, sallanan kabellər çəkilərək normalara uyğun vəziyyətə gətirilir. Bunlarla yanaşı, zədələnmiş müxtəliftutumlu yararsız kabellər yenilənir, rabitə xətt təsərrüfatında olan digər nasazlıqların bərpa olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Həmçinin, avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması da diqqətdə saxlanılır. Bu məqsədlə avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir.
Sakinlərə göstərilən rabitə və internet xidmətlərinin keyfiyyətinin ölçülməsi məqsədilə abonentlərin mənzillərində mövcud olan internet xətləri və avadanlıqlar yoxlanılır. Müasir standartlara cavab verən siqnal ölçmə cihazlarından istifadə edilir. Bu cihazlar vasitəsilə telekommunikasiya şəbəkələrində internet xidmətlərinin keyfiyyətinin ölçülməsini həyata keçirir.