İyun ayının 22-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində əmək yarmarkası keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslər də yarmarkanın açılışında iştirak edib.
Səlahiyyətli nümayəndə yarmarkanın açılışı münasibətilə iştirakçıları təbrik edib, bu qədər yüksək miqdarda iş yeri təklifinin əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını bildirib.
Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair (2023-2027-ci illər) Dövlət Proqramı çərçivəsində Naxçıvanda minlərlə iş yerinin yaradılmasının hədəfləndiyini də diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikada aparılan sosial-iqtisadi islahatlar nəticəsində əlverişli biznes mühiti formalaşır. Azad iqtisadi zonaya çevrilən muxtar respublikaya investorlar böyük maraq göstərirlər. Naxçıvanda əmək yarmarkalarının ayda bir dəfə keçiriləcəyini diqqətə çatdıran Fuad Nəcəfli qeyd edib ki, əmək yarmarkaları əhalinin məşğulluq imkanlarını daha da artıracaq. Muxtar respublikada işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi diqqət mərkəzində saxlanılacaq.
Sonra səlahiyyətli nümayəndə təqdim olunan iş yerləri ilə tanış olub. Məlumat verilib ki, əmək yarmarkasında, ümumilikdə, 110 müəssisədən 640 və haqqı ödənilən ictimai işlər üzrə 347 vakansiya işaxtaran və işsiz vətəndaşlara təklif olunub.
Naxçıvan Biznes Mərkəzində keçirilən əmək yarmarkasında müxtəlif peşə və bacarıq səviyyələrinə uyğun yüzlərlə iş yeri təklif olunub. Dövlət müəssisələri ilə yanaşı, özəl sektor da yarmarkada aktiv iştirak edib. Belə ki, muxtar respublikada fəaliyyət göstərən 80 özəl müəssisədən 315 müxtəlif iş yeri çıxarılıb. Özəl müəssisələrin təqdim etdiyi vakansiyalara maraq daha böyük olub. Məsələn, “Naxtel” MMC tərəfindən təklif olunan iş yerləri 442 manatdan 1500 manatadək əməkhaqqı ilə işaxtaran vətəndaşlar üçün daha çox cəlbedici olub. “Cahan holdinq” isə yarmarkada müvafiq olaraq 450-1000 manat arasında əməkhaqqı ilə onlarla iş yeri təklif edib.