Muxtar respublikada rabitə xidmətlərinin yaxşılaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Belə ki, yaşayış məntəqələrində yeni fiber-optik xətlər çəkilir, yeni paylayıcı şkaflar quraşdırılır, istismara yararsız rabitə xətləri yeni xətlərlə əvəz edilir, yeni abonent qutuları əlavə edilir.
Bu tədbirlər çərçivəsində əhali və dövlət qurumları ilə yanaşı dini obyektlərin də rabitə infrastrukturu ilə təmin olunması diqqətdə saxlanılır. Belə ki, “Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Naxçıvan Şəhər Rabitə İdarəsi arasında bağlanmış müvafiq müqaviləyə əsasən Naxçıvan şəhərində yeni inşa olunan Heydər Məscidi Kompleksinin inşası zamanı rabitə xətlərinin çəkilişi həyata keçirilib. Bu məqsədlə 1300 metrdən artıq fiber-optik xətt və 1200 metrə yaxın müxtəliftutumlu kabellər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.
Bunlarla yanaşı, Naxçıvan şəhərinin Atatürk küçəsi bina 11 ünvanından Atatürk küçəsi bina 22 ünvanınadək olan məsafədə abonentlərin keyfiyyətli rabitə xidmətləri ilə təmin olunması məqsədilə mövcud olan yararsız kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən yeni kabellərlə əvəzlənib, paylayıcı şkaflarda təmir-bərpa işləri görülüb. Bu məqsədlə 900 metr müxtəliftutumlu kabellər çəkilib, 1 ədəd əlavə yeni paylayıcı şkaf quraşdırılıb və 5 ədəd abonent qutusu əlavə edilməklə rabitə xətlərində olan digər nasazlıqlar aşkar edilərək bərpa edilib.
Həyata keçirilən tədbirlər abonentlərin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunmasına șərait yaradacaqdır.