Oktyabrın 28-də “Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusunda konfransın açılış tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, ehtiramlarını ifadə ediblər.
Sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Ziyarətçilər Ulu Öndərin mənalı ömür yolunu və zəngin ictimai-siyasi fəaliyyətini əks etdirən dəyərli eksponatlara, o cümlədən muzeydə yeni yaradılan “Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası” bölməsinə baxıblar.
Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sərgiyə baxış zamanı məlumat verilib ki, sərgidə mövzuya həsr olunmuş elmi ədəbiyyatlar, dövri mətbuat və digər nəşrlər, rəsm və əl işləri nümayiş etdirilir.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət başçımızın 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını, Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğu nəzərə alınaraq silsilə yubiley tədbirləri keçirildiyini bildirib. Vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusundakı konfrans da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb edir. Çünki Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi böyük əhəmiyyətə və mühüm strateji-coğrafi mövqeyə malikdir.
Səlahiyyətli nümayəndə qeyd edib ki, 5 min ildən artıq şəhərsalma mədəniyyətinə və dövlətçilik tarixinə malik olan Naxçıvan ötən 100 ildə gərgin hərbi-siyasi mübarizələrin mərkəzinə çevrilib. Bir əsrdə Naxçıvan iki dəfə ağır sınaqlar qarşısında qalıb. Əgər XX əsrin əvvəllərində Naxçıvan muxtariyyət statusu alaraq çətin hərbi-siyasi mübarizələrin nəticəsi olaraq işğaldan qorunmuşdursa, 1990-1993-cü illərdə Ümummilli Liderimiz, müdrik dövlət xadimi Heydər Əliyevin şəxsi nüfuzu, gərgin siyasi mübarizəsi və qətiyyəti nəticəsində bu qədim diyarımız erməni işğalından, muxtariyyəti isə ləğv olunmaq təhlükəsindən xilas olub.
Fuad Nəcəfli qeyd edib ki, 100 illik muxtariyyət tariximizin ötən 21 illik inkişaf və tərəqqi dövrü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Naxçıvanda mühüm infrastruktur tədbirləri həyata keçirilib, sosial-iqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib. Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvan Muxtar Respublikası ölkəmizin digər bölgələri ilə quru əlaqəsini də təmin edəcəkdir. Ölkə Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub. Ölkə Prezidentinin rəhbərliyi ilə Naxçıvan muxtariyyətinin 100 illiyini uğurla başa vurur. Qarşıda daha böyük hədəflər vardır. Əsas vəzifəmiz ölkəmizin ümumi inkişafının tərkib hissəsi kimi Naxçıvanın da kompleks inkişafına nail olmaq, daha böyük nailiyyətlər qazanmaqdır. Hesab edirik ki, istər Zəngəzur dəhlizinin açılması ilə yaranacaq yeni imkanlar, istərsə də Dövlət Proqramının icrası ilə reallaşan yeni sosial-iqtisadi mühit Naxçıvanı tarixin ən güclü inkişaf dövrünə yüksəldəcək, qədim diyarımız Türk dünyasının və regionun əsas nəqliyyat-tranzit və iqtisadi-ticarət mərkəzinə çevriləcəkdir.
Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu" mövzusundakı konfransda aparılan müzakirələrin Naxçıvanın muxtariyyət tarixinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olacağını, yeni yanaşmalar ortaya qoyulacağını diqqətə çatdıran səlahiyyətli nümayəndə konfransın işinə uğurlar arzulayıb, iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bildirib ki, Türk-İslam mədəniyyətinin mühüm elementlərini özündə yaşadan Naxçıvanın İslamaqədər və İslamdan sonrakı tarixi dövrləri türk etnoslarının tarix və mədəniyyətinin öyrənilməsində önəmli mərhələ təşkil edir. Mərkəzi Asiya, Yaxın Şərq, eləcə də Osmanlı arxivlərində Naxçıvan tarixinə, mədəniyyətinə dair dəyərli mənbələr mövcuddur. Sevindirici haldır ki, gənc alimlər bu mənbələri araşdırmaqla Naxçıvanı ətraflı tədqiq edir, dəyərli elmi əsərlər ərsəyə gətirirlər. Bununla belə qədim diyarımızın tarixinin öyrənilməyən səhifələri, araşdırılacaq çox mövzu və mənbələr mövcuddur. Bu istiqamətdə tədqiqatlar davam etdirilməlidir. Bu gün keçirilən konfrans da birgə araşdırmaların nəticələrinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor Abdulhalik Karabulut və Qars Qafqaz Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin direktoru, professor Hacalı Nəcəfoğlu çıxış ediblər. Vurğulanıb ki, Naxçıvan tarixin müxtəlif mərhələlərində üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Böyük dövlətlərin maraqlarına sinə gərən bu diyarın əhalisi əzmkarlıq göstərib, bölgənin müdafiəsini təmin edib. Dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı muxtar respublikanın Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun daha dərindən öyrənilməsinə xidmət edən mühüm tarixi qərardır.
Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universitetinin Tələbə teatr studiyası və simfonik orkestri kompozisiya və konsert proqramı ilə çıxış ediblər.