Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin elektron informasiya resursu yeni "nscwra.gov.az" domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınaraq müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb.
Yenilənmiş veb-sayt yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsi istiqamətində olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir.
Qeyd edək ki, sayt istifadəçi rahatlığını təmin etmək üçün müasir üslubda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, planşetinin və ya mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğun hazırlanıb. Həmçinin, internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, axtarış sistemlərinə uyğunlaşdırılması və ilk sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresi ilə təmin olunması da diqqətdə saxlanılır.