Naxçıvan Muxtar Respublikasında “SuVar!” adlı ekoloji aksiya keçirilib
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Aksiyanın əsas məqsədi könüllülərin səfərbərliyi ilə ağacların suvarılmasına dəstək vermək, ictimaiyyətdə ekoloji məsuliyyət hissini gücləndirmək və ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
Aksiyada müxtəlif dövlət qurumlarının nümayəndələri, ekokönüllülər və müxtəlif müəssisələrdə fəaliyyət göstərən könüllülər, eləcə də Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində fəaliyyət göstərən “Rəqəmsal” könüllülər fəal iştirak ediblər. Aksiya iştirakçılarına əvvəlcə yaşıllıqların qorunması və genişləndirilməsinin əhəmiyyəti, sudan səmərəli istifadə yolları, eyni zamanda suya qənaət metodları barədə ətraflı məlumat verilib.
İştirakçılar komandalar şəklində Naxçıvan şəhərinin Heydər Əliyev prospekti və ətraf ərazilərində yerləşən yaşıllıq sahələrində ağacların suvarılması işlərinə başlayıblar.
Onlar təkcə suvarma işlərini həyata keçirməklə kifayətlənməyib, eyni zamanda şəhər sakinlərinin də diqqətini cəlb edərək onları da aksiyaya qoşulmağa təşviq ediblər.
Aksiya çərçivəsində daha bir maraqlı ekoloji təşəbbüs də gerçəkləşdirilib, “Tullantını tingə və ekoçantaya dəyiş” kampaniyası keçirilib. Bu təşəbbüs çərçivəsində iştirakçılar və sakinlər tullantıları ətraf mühitə atmaq əvəzinə ting və ekoçantalara dəyişmək imkanı əldə ediblər. Sakinlər tərəfindən ümumi tutumu 4375 litr olan plastik, 110 litr şüşə tullantı və 180 ədəd işlənmiş batareya təhvil verilib, əvəzində 100 ədəd kızılçam tingi, 65 ədəd ekoçanta verilib
Qeyd edək ki, hər komandada 30 nəfər olmaqla, ümumilikdə, 200-ə yaxın könüllü aksiyada fəallıq göstərib və sonda qurumlar sertifikatlarla təmin olunublar.