Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması və imicini formalaşdırılması məqsədilə simvol görüntüsü hazırlanıb.
Beynəlxalq və müasir dizayn tələblərinə uyğun olaraq tərtib edilən yeni loqo olduqca ifadəli və yaddaqalan təsviri ilə estetik baxımdan seçilir. Həmçinin, yenilənən loqo Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin loqosuna uyğunlaşdırılıb.
Loqo vizual olaraq 2 hissəyə bölünür. Bu halda rabitə şəbəkəsini və Əcəmi simvolunu birləşdirir. Bunu daha aydın göstərmək məqsədilə loqotipin ətrafında şəbəkə xətləri təsvir olunub. Həmin şəbəkə xətləri Azərbaycan Respublikasının Dövlət gerbində əks olunmuş səkkizguşəli ulduzu formalaşdırır.
Loqotipin mərkəzi hissəsi səkkizgüşəli ulduz ilə təsvir olunub. Məhz bu simvolun istifadə olunması, qurumun milli dəyərlərə söykənməsindən xəbər verir. Bunlarla yanaşı, bu “səkkizguşəli” ulduz aydın səmanı, sonsuzluğu ifadə edir və Naxçıvanın əsas simvolu hesab edilir. Ulduzun konturları telekommunikasiya şəbəkəsi ilə tamamlanır, bu da qurumun əsas fəaliyyətinin göstəricisidir.
Loqotipin tərtibatında mavi rəngin #000B6D kodundan yəni tünd göy rəngdən istifadə olunub. Göy rəng etibarlılığı və ciddiyyəti əks etdirir. Bu da təşkilatın rəsmi orqan olunduğunu özündə ehtiva edir.
Qeyd edək ki, Nazirliyin loqosunun yazılı təsviri və istifadə qaydaları Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən təsdiq edilib.