Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin elektron informasiya resursu yeni "nnk.gov.az" domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb.
Yenilənmiş internet səhifələrinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytların domen ünvanları da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresləri ilə təmin ediləcəkdir.
Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet səhifələri dövlət orqanlarının fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir.