Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəsmi internet səhifəsi AzStateNet şəbəkəsinə köçürülüb.
nminenergy.gov.az domen adı ilə fəaliyyət göstərən internet saytı funksionallıq və dizayn cəhətdən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb. İstifadəçi rahatlığını təmin etmək üçün yeni sayt müasir üslubda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, istər planşetinin və ya mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğun hazırlanıb.
Yenilənmiş internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresləri ilə təmin ediləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən muxar respublikada digər dövlət qurumlarının da internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.