Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sakinlərə göstərilən bütün növ xidmətlərin o cümlədən, poçt, rabitə və nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il tarixli 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada poçt xidmətlərinin keyfiyyətinin artırılmasına zəmin yaradacaqdır.
Nazirliyin tabeli qurumu olan “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdəki poçt bölmələri tərəfindən göstərilən poçt xidmətləri ilə yanaşı, Naxçıvan “ASAN xidmət” mərkəzində də göstərilən poçt xidmətləri 4 mart 2024-cü il tarixdən nağdsız yolla həyata keçirilir.
Yerli bələdiyyə vergilərinin ödənilməsi, eləcə də istehlakçılar tərəfindən sərf olunan qaz, elektrik enerjisi, su, rabitə və internet xidmətlərinin dəyərini Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən müvafiq bank xidmətinə ödədikdən sonra bank tərəfindən verilmiş qəbzi poçt xidmətləri pəncərəsinə təqdim etməklə, mövcud bazada müvafiq ödənişlər qeydiyyata alınır.
Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq 1 iyun 2024- cü il tarixdən etibarən Nazirliyin tabeli qurumu “Naxçıvanpoçt” tərəfindən muxtar respublikada poçt xidmətlərinin çeşidinin artırılması və xidmət portfelinin genişləndirilməsi məqsədilə daşıma şirkəti olan “MOREX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanılıb.
Bağlanılmış müqaviləyə uyğun olaraq qısa zamanda proqram təminatı uyğunlaşdırılıb qlobal “Trendyol”, “TEMU” və.s saytlardan sifariş edilmiş məhsulların ünvana çatdırılması təmin ediləcəkdir.
Xidmətin muxtar respublikanın kəndlərini də əhatə etməsi nəzərdə tutulur. Həyata keçirilən bu tədbir əhalinin müasir poçt xidmətlərləri ilə əhatə olunmasına öz töhfəsini verməklə yanaşı, vətəndaş məmnunluğunun artırılması istiqamətində də mühüm amildir.