Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən 6-8 dekabr 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndislərinin iştirakı ilə muxtar respublikanın dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi vəziyyətinə baxış keçirilib, kibertəhlükəsizliyi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi, qorunması, məlumat mübadilə sistemlərinin tərkib hissəsi kimi mühafizəsinin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə görüşlər keçirilib, həmçinin “ASAN xidmət” mərkəzinə dövlət xidmətlərinin təhlükəsiz çatdırılması məsələləri ilə bağlı yerində baxılaraq müvafiq təhlillər aparılıb.
Aparılan təhlillər zamanı bildirilib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən “AzstateNet” internet, voice və data şəbəkəsinin dövlət qurumlarında təmin edilməsi imkanlarının araşdırılması məqsədilə dövlət qurumlarının şəbəkələşmə vəziyyəti ilə bağlı muxtar respublikanın şəhər və rayonlarında monitorinqlər həyata keçirilib. Vurğulanıb ki, dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanılması və mühafizəsi daim diqqətdə saxlanılmalıdır. Belə ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aşkarlanaraq, təhlükəsizlik yenilənmələri dayanmış və çoxsaylı boşluqlar mövcud olan köhnə versiyalı 111 dövlət informasiya ehtiyatının 11-i Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən yenilənib. Yenilənmiş 11 informasiya resursunun təhlükəsizlik auditləri üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə təqdim edilməsi və “GOV.AZ” domen zonasına köçürülməsinin planlı olaraq cari ilin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur.
Bunlarla yanaşı, NMR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları üçün informasiya təhlükəsizliyi sahəsində seminar da keçirilib.