Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin birgə təşkilatçılığı ilə “Müəsissələrdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallardan qorunma, yanğın təhlükəsizliyi və dəm qazı təhlükəsindən qorunmanın yolları” haqqında seminar-müşavirə keçirilib.
Nazirliyin Aparatında keçirilən tədbirdə Aparatın və tabeli qurumların aid əməkdaşları iştirak edib.
Tədbirdə Nazirliyin Aparatının şöbə müdirləri Ruhən Əsgərov və Etibar Əjdərov payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, eləcə də mülki-müdafiə sahəsində Nazirlik tərəfindən görülmüş işlərlə bağlı məlumat veriblər. Vurğulanıb ki, muxtar respublika əhalisinə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması, rabitə mütəxəssislərinin mövsümə uyğun geyimlə təmin olunması hər zaman diqqətdə saxlanılır. Onların zəruri avadanlıqlarla təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bunlarla yanaşı, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, həmçinin, rayon (şəhər) rabitə idarələri tərəfindən yerlərdə rabitə xətt təsərrüfatının vəziyyəti təhlil edilir, müəyyən edilmiş nöqsanlar aradan qaldırılır.
Bildirilib ki, qazanxana və istilik sistemləri üzrə yeni ixtisaslı kadrların hazırlanması üçün müvafiq peşə kurslarında onların iştirakı təmin edilir, peşə kursu keçmiş və sertifikat almış ocaqçıların işlə təmin olunması nəzərdə tutulur.
Sonra Fövqəlаdə Hаllаr Nаzirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi Mirtaleh Seyidov və Nazirliyin digər əməkdaşları Turan Şahhüseynov və Toğrul Hacıyev tədbir iştirakçılarına Nazirlikdə və tabeli qurumlarında mülki müadafiə işinin etibarlı təşkili, muxtar respublika ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqaladə hadisələr və bu zaman davranış qaydalarından danışılıb. Bunlarla yanaşı, fərdi yaşayış evlərində qaz və elektrik cihazlarından düzgün istifadə qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin istismarı və istifadə qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə ətraflı məlumatlar verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, tədbirə aid slayd və materiallar təqdim edilib.