Massaçusets Texnologiya İnstitutunun MIT Technology Review redaktorları 2024-cü ildə insanların həyatını dəyişdirəcək 10 ən yaxşı texnologiya siyahısını hazırlayıb. Ümumiyyətlə texnologiya gün keçdikcə inkişaf edir və yeniliklər elan edilir. Lakin onlardan sadəcə bir neçəsi insanların həyatına əhəmiyyətli dərəcədə təsir edir. Gəlin görək MIT mütəxəssislərinin müəyyən etdiyi siyahıda hansı texnologiyalar mövcuddur?
İlk öncə insanların həyatını dəyişdirəcək texnologiya siyahısına süni intellekt aid edilib. Hazırda milyarla insan ChatGPT və digər dil modellərindən istifadə edir. Sadəcə bir neçə il ərzində süni intellekt ilə mesajlaşma, rəsm və video yaratmaq, marşrut təyin etmək kimi bir çox yeniliklər təqdim edildi. Siyahının ikinci yerində isə MIT mütəxəssisləri günəş batareyalarını müəyyən edib. Ümumiyyətlə alternativ enerji mənbələri arasında önəmli yerə sahib olan Günəş enerjisi artıq Çinin enerji istehlakının 50%-dən çox hissəsini qarşılayır. Bu il ərzində də günəş panelləri bir çox ölkədə və sahədə enerji tələbatını əhəmiyyətli dərəcədə ödəməyə davam edəcək.
Siyahıda üçüncü sırada Apple Vision Pro modeli dayanır. Qiyməti 3500 dollar olaraq təyin edilən VR modeli artıq 2 fevralda tədarük ediləcək. MIT mütəxəssislərinə görə Vision Pro bu il insanların həyatından inanılmaz dəyişikliklərə səbəb olacaq. Maraqlısı budur ki, siyahının 4-cü yerində insanları piylənmədən xilas edəcək dərmanlar dayanır. Ümumdünya Səhiyyə Təşkilatı piylənmənin qlobal artımını epidemiya kimi qiymətləndirib. Mounjaro və Wegovy kimi yeni dərmanlar artıq bu “xəstəliyə” qarşı effektivliyini göstərmişdir və bu il insanların həyatını dəyişdirəcək texnologiya kimi adlandırılır.
Geotermal enerji isə siyahıda beşinci yerdə dayanır. Ümumiyyətlə yerin daxili hissəsinin istiliyindən onilliklər ərzində istifadə olunur. Çipsetlər isə siyahıda 6-cı sıraya daxil edilib. Hazırda bir çox texnologiyanın əsası məhz bu çipsetlərə dayandığından onun insan həyatına təsiri əhəmiyyətli hesab olunur. Yeddinci sırada isə gen tənzimlənməsi ilə bağlı müalicə üsullarıdır. Ötən ilin sonuna qədər bu müalicə üsullarından istifadəyə tam icazə verildiyi üçün bu il bu sahədə əhəmiyyətli dəyişikliklərə şahid ola bilərik. Superkompüterlər, istilik nasosları və X sosial şəbəkəsi bu il insanların həyatını dəyişdirəcək 8-ci, 9-cu və nəhayət 10-cu texnologiya kimi qeyd olunub.