Minaların yerlərini təyin edən süni zəka əsaslı sistem hazırlanıb
Karnegi Mellon Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni texnologiya mövcud problemin həll yolu ola bilər.
Belə ki, bu universitetin mütəxəssisləri minaların aşkar edilməsinə istiqamətlənmiş RELand adlı sistemi hazırlayıblar. Sözügedən sistem süni zəka əsasında çalışır. Mütəxəssislər bildiriblər ki, RELand adlı sistem sosial-demoqrafik məlumatları, bu və ya digər ərazinin coğrafi özəllikləri barəsində məlumatları analiz edərək potensial təhlükənin harda olduğu barəsində məlumatı təqdim edir. RELand-a inteqrasiya edilmiş süni zəka minaların zərərsizləşdirilməsi ilə məşğul olan mütəxəssislərin işlərini sadələşdirir və potensial riskləri azaldır.
RELand sisteminin hazırlanmasına Mateo Dulce Rubio adlı aspirant rəhbərlik edib. Mateo-nun özü Kolumbiyada doğulub və orda böyüyüb. Kolumbiya isə öz növbəsində minalardan əziyyət çəkən ölkələrdən biridir. RELand sistemi ilk növbədə məhz Kolumbiyada test edilib. Nəticədə sistem bir neçə ərazidə mina təhlükəsini düzgün şəkildə təyin edə bilib. Mütəxəssislər bu sistemin təkmilləşdirilməsi üzərində çalışmağa davam edəcəklər. Gələcəkdə isə bu sistem digər ölkələrdə test ediləcək.