WalkingCat ləqəbli nüfuzlu insayder Microsoft-un 2013-cü ilə təsadüf edən şirkət daxili təqdimat materiallarını təqdim edib. Təqdim edilmiş materiallara əsasən 2013-cü ildə şirkət daxilində Midori OS adlı əməliyyat sisteminin təqdimatı baş tutub. Midori OS adlı əməliyyat sistemi Windows-u əvəzləməli idi. Lakin nəticədə Microsoft sözügedən layihəni bağlamaq qərarına gəldi. Midori OS-in təqdimatını qısa videolar şəklində X-də (keçmiş Twitter) izləmək olar. Videolarda Midori OS haqqında bu əməliyyat sistemi üzərində 2009-cu ildən çalışmış Joe Duffy adlı şəxs danışır. Məlumatda qeyd edilib ki, şirkət Midori OS layihəsini 2015-ci ildə bağlayıb. Videolarda Joe Duffy bu əməliyyat sisteminin əsas konsepsiyasından, drayverlərindən, tətbiqlərindən, istifadəçi interfeysindən və s. danışır. Onun sözlərinə əsasən Midori OS bütün Windows tətbiqlərini işə sala bilərdi və bunun üçün onun köhnəlmiş Windows koduna ümid etməsi lazım deyildi.