Microsoft Bing Chat-ın adını Copilot ilə əvəzləyib
Microsoft şirkəti süni zəka əsaslı çat-botunun Bing Chat adlanmasından imtina edib onu Microsoft Copilot ilə əvəzləyib. Qeyd etmək lazımdır ki, Bing Chat bu ilin əvvəlində Bing brauzerindəki axtarış nəticələrinə inteqrasiya edilmişdi. Bundan sonra axtarış nəticələrindəki çat-bot Copilot adlanacaq. Şirkət Copilot-un pulsuz versiyasını ChatGPT-nin alternativi kimi qələmə verir. Microsoft 365 üçün nəzərdə tutulmuş ödənişli Copilot isə öz növbəsində biznes həlləri üçün nəzərdə tutulub.
Mütəxəssislər bildiriblər ki, Microsoft-un süni zəka əsaslı çat-botda Bing brendindən imtina etməsi bir qədər qəribədir. Belə ki, şirkət bu axtarış sistemi çərçivəsində süni zəka funksiyalarının inkişafına diqqət ayırmışdı. Lakin indi şirkət məhz Copilot brendinə öz diqqətini ayırıb. Qeyd etmək lazımdır ki, sözügedən çat-bot bir neçə müddət bundan öncə Windows 11-də istifadəyə verildi. Bəzi məlumatlara əsasən şirkət onu həmçinin Windows 10-da da istifadəyə verə bilər.