“Microsoft” 2024-cü ildə “Apple” şirkətini ötüb keçməyə və dünyanın ən iri kompaniyası olmağa hazırlaşır. Son on il ərzində sonuncu kapitallaşma sahəsində dünya liderliyini qoruyub saxlayıb, amma “Microsoft” bu vəziyyəti dəyişdirməyi planlaşdırır.
Tim Kukun rəhbərliyi altında nəhəng şirkətə çevrilən “Apple”dən fərqli olaraq, “Microsoft” Satya Nadellanın başçılığı ilə yalnız gəlirə istiqamətlənən strategiyasından imtina edərək, öz diqqətini innovasiyalar və süni intellekt üzərində cəmləşdirən kompaniya halına gəldi.
Məlumdur ki, “Apple” daim Stiv Cobsun dünyanı dəyişdirən məhsullar hazırlanması vizyonuna əsaslanıb. Amma onun gedişindən sonra kompaniya öz gəlirinin daha da artırılması xəttini seçdi və Kukun rəhbərliyi ilə texnologiyada inqilabi heç nə təqdim etmədi.
“Microsoft” isə öz banisi Bill Qeytsdən başlayaraq, həmişə gəlir arxasınca gedib, amma Nadellanın rəhbərliyi altında bu şirkət süni intellektə və bulud texnologiyasına daha çox sərmayə qoymağa başlayıb.
Hazırda “Microsoft”un süni intellekt sahəsində fəaliyyətini gücləndirmək və bulud xidmətləri üzrə bazarda öz payını xeyli artırmaq planları fonunda ehtimal edilir ki, 2024-cü ildə bu şirkət kapitallaşma göstəricisinə görə “Apple” kompaniyasını arxada qoyacaq.
Diqqətini effektivliyə yönəltmiş “Apple” inqilabi məhsul təqdim etməyəcəyi təqdirdə “Microsoft”dan geridə qalacaq. Çünki texnologiyalar aləmində vizyonun olması effektivlikdən daha vacibdir.