Meta və Microsoft birgə əməkdaşlıq çərçivəsində Llama 2 adlı süni zəka əsaslı böyük dil modelini təqdim ediblər. Bu süni zəka əsaslı böyük dil modeli tədqiqat və kommersiya məqsədləri üçün nəzərdə tutulub və açıq mənbəli koda sahibdir. Llama 2 Meta ilə Microsoft arasındakı uzunmüddətli əməkdaşlığın yeni addımı olacaq və bütün dünyada süni zəka üzrə baza texnologiyalarına çıxışı təmin edəcək. İki şirkətin fikrincə açıq mənbəli kod generativ süni zəka sistemləri də daxil olmaqla böyük süni zəka modellərinin yaradılmasında düzgün strategiyadır.
Süni zəka modellərində açıq mənbəli kodun istifadəsi öz növbəsində tərtibatçılara və mütəxəssislərə onlarda problemləri sürətlə aşkar edərək test etmə imkanını verir. Meta artıq uzun illərdir ki, özünün süni zəka tədqiqatlarında əsas diqqəti tədqiqat işinə, açıq mənbəli koda və akademik partnyorlarla əməkdaşlığa ayırır. Llama 2 artıq Microsoft şirkətinin Azure AI model kataloqunda aktivdir. Microsoft Azure-dan istifadə edən tərtibatçılar süni zəka əsaslı bu yeni böyük dil modelindən artıq istifadə edə bilərlər.