Keçən həftə Meta şirkəti özünün Meta AI adlı süni zəka əsaslı çat-botunu təqdim etdi. Məlum olub ki, şirkət sözügedən çat-botunun təlimatlandırılmasında Facebook və Instagram-da açıq şəkildə olan paylaşımlardan istifadə edib. Bununla belə şirkət çat-botun təlimatlandırılmasında istifadə edilmiş məlumatlar toplusundan istifadəçilərin məhdud sayda şəxslər üçün paylaşmış olduqları paylaşımları ayırıb. Söhbət, istifadəçilərin yalnız öz dostları və ya ailə üzvləri ilə bölüşmüş olduqları paylaşımlardan gedir. Şirkət təmsilçisinin sözlərinə əsasən bu, həmin istifadəçilərin konfidensiallıqlarına hörmət nöqteyi nəzərdən edilib.
Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, şirkət süni zəka əsaslı çat-botun təlimatlandırılmasında istifadəçilərin özəl mesajlarından istifadə etməyib və məlumatlar toplusundan istifadəçilərin özəl məlumatlarının ayrılması üçün bütün tədbirləri görüb. Bu barədə məlumatı Meta şirkətinin beynəlxalq məsələlər üzrə prezidenti Nick Clegg təqdim edib. Clegg-in sözlərinə əsasən Meta AI çat-botunun təlimatlandırılmasında həm mətn həm də foto formatlı açıq paylaşımlardan istifadə edilib. Mətn formatlı paylaşımlar Llama 2 adlı böyük dil modelinin, foto formatlı paylaşımlar isə Emu adlı modelin təlimatlandırılmasında istifadə edilib. Qeyd etmək lazımdır ki, Emu şirkətin mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən sisteminin təməlində dayanır.