Meta-nın süni zəka mütəxəssisi texnologiyanın məhdudlaşdırılmasına qarşıdır
Meta şirkətinin süni zəka üzrə baş mütəxəssisi Yann LeCun bildirib ki, seni zəkanın hal hazırki inkişaf səviyyəsi aşağıdır və buna görə də onu tənzimləməyə ehtiyac yoxdur. Yann LeCun süni zəka barəsində yayılmış narahatedici fikirləri aradan qaldırmağa çalışıb və bu texnologiyanın tənzimlənməsi mövzusunda fərqli mövqeyi tutub. Mütəxəssis süni zəkanın hal hazırki məhdudlaşdırma cəhdlərini internetin ilk versiyasının nəzəri tənzimlənməsi ilə müqayisə edib. LeCun-un fikrincə hal hazırda ola biləcək istənilən məhdudiyyət nəyisə öyrənmək bacarığı baxımından hətta pişikdən belə geridə qalan sistemləri əhatə edəcək.
Mütəxəssis süni zəkanın hal hazırda tənzimlənməsi ideyasını qeyri məhsuldar hesab edir. Süni zəka məsələsində LeCun-un fikirləri süni zəkanın "Xaç atası" hesab edilən mütəxəssis Geoffrey Hinton-un
fikirləri ilə üst-üstə düşmürlər. Bir neçə müddət bundan öncə Hinton bildirmişdi ki, süni zəkanın istifadəsi mövzusunda müəyyən qaydaların tərtib edilməsi mütləqdir. Hinton hətta bu cür qaydaların tərtib edilməsi istiqamətində dövlət liderlərinə, şirkətlərə və bu sahədə çalışan digər mütəxəssislərə çağırışlar da etmişdi.
Hinton-un fikrincə yaxın illərdə ChatGPT kimi sistemlər şüura sahib ola biləcəklər. LeCun isə öz növbəsində Hinton-un fikirlərinə skeptik yanaşıb. Onun fikrincə insanlar süni zəkanın fantastik filmlərdə və kitablardakı kimi insanlara qarşı çıxacağı mövzusunda çox düşünürlər. LeCun hesab edir ki, reallıqda müasir süni zəka modelləri planlaşdırma və əsaslandırma imkanına sahib deyillər. Bununla belə LeCun etiraf edib ki, gələcəkdə bu texnologiya zəka səviyyəsinə görə insanı geridə qoya bilər.