Meta açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib
Meta şirkəti hal-hazırda açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib. Söhbət, Llama 3.1-dən gedir. Məlumata əsasən təqdim edilmiş bu süni zəka modeli özündə 400 milyarddan çox parametri birləşdirir. Mark Zuckerberg-in sözlərinə əsasən Llama 3.1 yaxın zamanda performans baxımından GPT-4-ü geridə qoya, ilin sonuna kimi isə dünyanın ən məşhur süni zəka modelinə çevrilə bilər. The Verge saytının vermiş olduğu məlumata əsasən Meta sözügedən süni zəka modelinin hazırlanmasına külli miqdarda investisiya yatırıb. Llama 3.1 daha öncə Meta tərəfindən təqdim edilmiş süni zəka modellərindən daha qəlizdir.
O özündə 405 milyard parametri birləşdirir və onun təlimatlandırılması prosesində NVIDIA-nın 16 000-dən çox H100 qrafik prosessoru iştirak edib. Llama 3.1 çərçivəsində reallaşdırılmış əsas yeniliklərdən biri də Llama əsasında qurulmuş Meta AI servisinin daha çox ölkədə aktiv olmasıdır.
Bununla yanaşı əgər Meta AI daha öncə yalnız ingilis dilini dəstəkləyirdisə, indi ona fransız, alman, hindi, italyan, portuqal və ispan dillərinin dəstəkləri əlavə edilib. Servisin digər bir maraqlı funksiyası isə Imagine me adlı funksiyasıdır. Bu funksiya Imagine Yourself adlı generativ süni zəka modelindən istifadə edir. Bu süni zəka modeli öz növbəsində istifadəçinin fotosu və mətn formatında təsvirlər əsasında yeni fotolar tərtib edə bilir. Məsələn ona “Məni dənizdə təsvir et” sorğusunu göndərəndən sonra süni zəka modeli sorğuda tələb olunan tapşırığı yerinə yetirərək istifadəçinin dənizdə fotosunu tərtib edəcək. Yaxın zamanda Meta AI servisi üstəlik fotoların redaktə edilməsi funksiyalarını da əldə edəcək. İstifadəçilər mətn formatında təsvirlər sayəsində fotolardakı obyetləri dəyişə və ya silə biləcəklər.