MediaTek Dimensity 9300 flaqman prosessoru təqdim olundu
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra MediaTek şirkəti sonunda Dimensity 9300 adlı yeni flaqman prosessorunu təqdim etdi. Daha öncə də gözlənildiyi kimi Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-dən daha güclüdür. Lakin bununla belə şirkət öz yeni flaqman prosessorunun enerji effektivliyinə də diqqət ayırıb. Bu yeni prosessor Dimensity 9200 və 9200+ prosessorlarının davamçısıdır. O, TSMC şirkətinin 3-cü nəsil 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Dimensity 9300-ün tərkibi yalnız yüksək performanslı nüvələrdən təşkil edilib. Prosessorun tərkibində nüvələr "1+3+4" sxemi üzrə yerləşiblər.
Yəni Dimensity 9300 prosessoru 3.25 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsinə, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-X4 nüvəsinə və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsinə sahibdir. Prosessor üstəlik özündə 8 MB-lıq L3 keş yaddaşını və 10 MB-lıq ümumi keş yaddaşını birləşdirir. MediaTek-in sözlərinə əsasən Dimensity 9200-dən fərqli olaraq Dimensity 9300-ün bir nüvəli performansı 15%, çox nüvəli performansı isə 40% daha yüksəkdir. Bununla yanaşı yeni prosessorun maksimal yüklənmə zamanı sərf etdiyi enerji miqdarı Dimensity 9200-də olandan 33% daha aşağıdır. Prosessorun tərkibinə Immortalis-G720 adlı 12 nüvəli yeni qrafik çip quraşdırılıb.