LG şirkəti 6G şəbəkəsinin imkanlarını tədqiq etməyə davam edir. Şirkət bu mövzuda növbəti uğurlu testini elan edib. Belə ki, şirkət 6G çərçivəsində rekord məsafədə məlumat ötürə və qəbul edə bilib. Söhbət, 500 metr məsafədən gedir. Bu isə şəhər mühiti çərçivəsində açıq havada aparılmış oxşar testlər zamanı qeyd edilmiş məsafələr arasında ən böyüyüdür.
Bu test həmçinin o cəhətdən vacibdir ki, o, 6G-nin müxtəlif şəbəkə ssenariləri çərçivəsində çalışma imkanını təsdiqləyir. 5G və 6G şəbəkələrinin təkamülü məlumatların ötürülmə sürətlərini yüksəldəcək, məlumatların ötürülməsində yaranan gecikmələrin göstəricilərini aşağı salacaq və məlumatların etibarlı şəkildə ötürülməsini təmin edəcək. Gözləntilərə əsasən 6G-nin standartlaşdırılması barəsində müzakirələrə 2025-ci ildə start veriləcək. Onun kommersiya məqsədli istifadəsi isə 2029-cu il üçün planlaşdırılır.