Cənubi Koreyalı texnologiya nəhəngi LG indi avtomobillər üçün yeni şəffaf antena hazırlayaraq təqdim edib. Ümumiyyətlə LG, dünyanın ən geniş məhsul çeşidinə sahib şirkətləri sırasında lider mövqelərdədir. Bir çox sahədə aktiv olaraq iştirak edən şirkət, rəsmi açıqlamasına görə gələn ay baş tutacaq CES 2024 çərçivəsində yeni texnologiyalarını təqdim edəcək. Belə ki, şirkətin ən yeni texnologiyalarından biri də məhz avtomobillər üçün nəzərdə tutulmuş şəffaf antenadır.
Fransanın məşhur şüşə istehsalçısı Saint-Gobain Sekurit ilə əməkdaşlıq çərçivəsində LG şirkəti yeni şəffaf antena hazırlayıb. Birbaşa olaraq ön və ya arxa şüşəyə inteqrasiya edilən bu antena avtomobillərin daha müasir və daha cəlbedici eksteryerə sahib olmasına imkan verir. Müxtəlif şüşə növləri və avtomobil dizaynları ilə uyğun olması üçün hazırlanmış şəffaf antena 5G, GNSS yəni qlobal naviqasiya peyk sistemi və Wi-Fi kimi müasir texnologiyalara da malikdir. Hətta LG-nin sözlərinə görə yeni antena gələn ilin sonlarında və ya 2025-ci ilin əvvəllərində avtomobillərdə istifadə olunacaq.
Dünyanın ən böyük texnologiya sərgisi olan CES, İstehlak Texnologiyaları Assosiasiyası tərəfindən hər il həyata keçirilir. O cümlədən sərginin sonunda xüsusi mükafat mərasimi də olur. Qeyd edək ki, LG şirkəti hər il xüsusi OLED televizorları üzrə bu mükafatları əldə etməyi bacarır. Habelə şirkət CES 2024-də 33 innovasiya mükafatına layiq görülüb. Bu mükafatların da böyük qismi televizor sahəsində əldə edilən nailiyyətlərə görə verilib.