Muxtar respublikanın digər şəhər, qəsəbə və kəndlərində olduğu kimi Kəngərli rayonunda da istismarda olan rabitə xətlərinin yenilənməsi davam etdirilir. Rabitə xidmətlərinin yenilənməsi istiqamətində görülən işlər Xok kəndini də əhatə edib. Sakinlərə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin artırılması, rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması və yeni sabit telefon çəkilişlərinin aparılması məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bu məqsədlə 40 ədəd yeni dəmir dirəklər basdırılır, rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilir, 2500 metrə yaxın kabellər çəkilir, yararsız kabellər yenilənir, paylayıcı şkaflarda və abunə qutularında zəruri texniki tədbirlər görülür.
Qeyd edək ki, cari ilin mart ayında Kəngərli rayonunda internetin sürətinin artırılması məqsədilə Naxçıvan şəhər Mərkəzi Avtomat Telefon Stansiyası ilə Qıvraq Mərkəzi Avtomat Telefon Stansiyası arasında 2 ədəd 48 portlu (10 GB) Juniper EX2300 Ethernet Switch, 2 ədəd 80 km siqnaldaşıma gücünə malik SFP (Small Form-Factor Pluggable) ötürücü modul və 2 ədəd DC-AC converter qoşulub.
Kəngərli rayonunun yaşayış məntəqələrində sakinlərin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi üçün həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılır.