İxtisasartırma kurslarını bitirən rabitəçilərə sertifikatlar təqdim olunub
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yüksək ixtisaslı kadr hazırlığının diqqətdə saxlanılmasına dair verilmiş tapşırığın icrası ilə bağlı Nazirlik tərəfindən yüksəkixtisaslı kadrların hazırlanması, eləcə də tabeli qurumlarında işləyən mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhər, Babək, Culfa və Kəngərli rayon rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan rabitə mütəxəssislərinin cəlb olunduqları Naxçıvan Regional Peşə Tədris Mərkəzindəki “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” ixtisasartırma kursunu bitirən 14 müdavim sertifikatlarla təmin olunublar.
İxtisasartırma kursunda təhsil alan müdavimlərə rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası barədə dərslər tədris olunub.
Qeyd edək ki, ötən dövr ərzində ümumilikdə, 120-yə yaxın rabitə mütəxəssisi ixtisasartırma kurslarına cəlb olunub, kursu müvəffəqiyyətlə bitirən əməkdaşlara sertifikatlar verilib. Mərhələli şəkildə müvafiq peşə ixtisasına malik olmayan rabitə mütəxəssislərinin belə kurslara cəlbi nəzərdə tutulub.