Google şirkəti istifadəçinin özü barəsində məlumatları internetdə axtarıb tapmaq və onların Google axtarış nəticələrindən silinməsi proseslərini sadələşdirən yeni funksiyanı təqdim edib. Google bu və ya digər istifadəçinin yaşadığı yerin ünvanı, telefon nömrəsini və elektron poçt ünvanını internetdə tapdığı zaman bu barədə bildirişi ona göndərəcək. İstifadəçi Google tərəfindən tapılmış məlumatlarla yaxından tanış olandan sonra onların Google axtarış nəticələrindən silinmələrini reallaşdıra bilər. Keçən ilin sentyabr ayında şirkət “Results about you” adlı funksiyanı anons etmişdi. Bu funksiya Google Search-ün həm veb həm də mobil versiyasındakı alətlər panelində yerləşir.
İndi isə şirkət istifadəçiyə xas olan məlumatların internetdə axtarış prosesini olduqca avtomatlaşdıraraq sözügedən funksiyanı yeniləyib. İstifadəçi xüsusi formada lazımi məlumatları qeyd edəndən sonra axtarış sistemi qeyd edilmiş məlumatlara bənzərlərini özlərində birləşdirən veb saytların siyahısını təqdim edəcək. İstifadəçi isə öz növbəsində özəl məlumatların əks olunduqları hər bir veb səhifəyə nəzər yetirəcək. Daha sonra isə o öz istəyinə uyğun olaraq həmin məlumatların axtarış nəticələrindən silinməsi sorğusunu göndərə biləcək.
Daha öncə istifadəçilər özləri barəsində məlumatları internetdə fərdi şəkildə axtarmalı və hər dəfə bu və ya digər özəl məlumatın Google dəstək xidməti vasitəsilə silinməsini reallaşdırmalı olurdular. Yenilənmiş “Results about you” funksiyasına həmçinin push bildiriş özəlliyi əlavə edilib. Funksiya istifadəçi barəsində hər hansısa məlumatın əks olunduğu yeni veb səhifəni aşkar etdiyi halda bu barədə bildirişi istifadəçiyə push bildiriş üsulu vasitəsilə təqdim edəcək.
Qeyd etmək lazımdır ki, sözügedən funksiya istifadəçinin məlumatlarını internetdən deyil, Google axtarış nəticələrindən silinməsi üçün nəzərdə tutulub. Bununla yanaşı bu funksiya bir sıra məhdudiyyətlərə sahibdir. Məsələn əgər funksiya istifadəçi barəsində məlumatları dövlət səviyyəsində və təhsil müəssisələri üzrə axtarış nəticələrində aşkar etsə də onları axtarış nəticələrindən silmək mümkün olmayacaq. Hal hazırda “Results about you” funksiyası Google Search-ün ABŞ-dakı ingilis dilli istifadəçiləri üçün aktivdir. Lakin şirkət yaxın gələcəkdə funksiyaya digər dillərin dəstəyini əlavə edəcək və onu digər ölkələrin istifadəçiləri üçün də aktivləşdirəcək.