"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Heydər Əliyev və müasir rabitənin inkişaf strategiyası” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Heydər Əliyev və müasir rabitənin inkişaf strategiyası” mövzusunda tədbir keçirilib

 

Martın 10-da Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Aparatında “Heydər Əliyev və müasir rabitənin inkişaf strategiyası” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev muzeyində dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

  Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində davam edən tədbirdə nazir Vüsal Sevdimaliyev çıxış edərək bildirib ki, tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas fəaliyyət dahi şəxsiyyətlər, liderlər tərəfindən həyata keçirilir. Azərbaycan xalqı da özünü bütünlüklə xoşbəxt hesab edə bilər ki, onun müstəqil Azərbaycan dövlətinin taleyini müəyyənləşdirmiş Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları mövcuddur.  

  Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Əsası  Xalqımızın Ümummilli Lideri  Heydər Əliyev tərəfindən qoyulan rabitə sahəsinin inkişafı müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövrlərdə rabitənin gələcək  inkişafı üçün bir sıra mühüm qərarlar qəbul edilib, ali və orta ixtisas təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün maddi-texniki baza yaradılıb, ölkə iqtisadiyyatının inkişafına qoyulan investisiyaların tərkibində telekommunikasiya sahəsinin həcmi ilbəil  artıb.

1970-ci il iyun ayının 24-də onun  təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” tarixi  Qərarda rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi ən vacib vəzifələrdən biri kimi qarşıya qoyulub, 1993-cü ildə Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan milli rabitəsi yenidən qurulmağa  başlayıb.

Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqlamlarını izləməsini təmin etmək məqsədilə 1996-cı ildə AzTV-1 milli televiziya proqramı TÜRKSAT süni peyk vasitəsilə yayımlanmağa başlayıb. 2003-cü ildə Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” müasir dövrdə ölkəmizdə bu sahənin  inkişafına əsaslı zəmin yaradıb.

Bildirilib ki, qloballaşan, daim yeniləşən dünyanı ən müasir informasiya və kommunikasiya texnologiyaları internet, elektron poçt və qlobal rabitə imkanları olmadan təsəvvür etmək mümkün deyildir. Rabitə sahəsində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda informasiya əsrinin müəyyən etdiyi qlobal çağırışlar nəzərə alınaraq ölkəmizdə rabitə və yeni texnologiyaların  inkişafı ilə bağlı bir çox konseptual strategiyalar və çoxsaylı müvafiq Dövlət proqramları qəbul edilib.    

          Muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı, eləcə də əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Ötən dövrlər ərzində Trans-Asiya-Avropa fiber-optik kabel magistralı üzərindən Naxçıvan-Bakı arası 155 meqabit saniyəlik rabitə kanalının istifadəyə verilməsi böyük tutumlu danışıq, video informasiya, sürətli internet və s. məlumat mübadiləsini həyata keçirməyə imkan verib, ümumilikdə, 229 müasir tipli avtomat telefon stansiyası quraşdırılıb, sakinlərə Nakhinternet provayderi vasitəsilə internetin təmin edilməsi üçün  Delta Telekom və Türk Telekom İnternational şirkətləri ilə müqavilələr bağlanılıb, muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiberoptik kabel magistralına qoşulub, ilk dəfə Naxçıvanın tranzit telekommunikasiya imkanları yaradılıb.

          Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Nazirlik tərəfindən muxtar respublika üzrə 2020-2022-ci illər ərzində 6878 abonentə sabit şəbəkə telefon xətti çəkilib, 20537 abonent genişzolaqlı internet ilə təmin olunub, Nazirliyin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində yeni telekommunikasiya avadanlıqları alınıb, məsul şəxslərin iştirakı ilə rayon mərkəzlərində və kəndlərində monitorinqlər aparılıb, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması üçün operativ və zəruri tədbirlər həyata keçirilib.

Həmçinin, bu müddət ərzində kadr hazırlığı da diqqətdə saxlanlıb, müvafiq peşə təhsilinə malik olmayan rabitə mütəxəssisləri peşə kurslarına cəlb olunub və müvafiq sertifikatlarla təmin olunub, Nazirliyin Aparatında və tabeli qurumlarında çalışan mühəndis proqramçıların zəruri biliklərinin artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə kurslar təşkil edilib, təlimlər keçirilib.

        Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlər göstərilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilib, bir sıra dövlət qurumlarının internet səhifələrinin “AzstateNet” şəbəkəsində yerləşdirilməsi təmin edilib, Nazirliyin mühəndis-proqramçıları tərəfindən bir sıra dövlət qurumlarının  internet səhifələri yenilənərək Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhlükəsizlik auditi  aparılmaqla “GOV.AZ” domen zonasına köçürülüb, eləcə də  e-poçt adresləri ilə də təmin olunub.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri  Elman Cəfərli qeyd edib ki, Azərbaycanın tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyevin rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib, heyranlıq doğuracaq coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilib və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarıb. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilib. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarıb. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalıb.

          Sonda nazir Vüsal Sevdimaliyev tədbirə yekun vuraraq bildirib ki, rabitəçilər yaranmış şəraitdən səmərəli istifadə edərək muxtar respublikada yeni texnologiyaların inkişaf etdirilməsi üçün qarşıya qoyulan vəzifələrin icrasını layiqincə təmin edəcək, sakinlərə yüksək səviyyəli rabitə və internet xidmətlərinin göstərilməsi və ən müasir texnologiyaların tətbiq edilməsi üçün səylərini artıracaqlar.