Kimliyi bilinməyən tərtibatçı özünün süni zəka əsaslı ChatGPT analoqunu yaradıb. Yaradılmış çat-bot WormGPT adını əldə edib. Lakin ChatGPT-dən fərqli olaraq WormGPT adlı çat-bot kibercinayətkarlara yarım üçün nəzərdə tutulub. WormGPT bu ilin mart ayında ortaya çıxmışdı. Lakin onun tərtibatçısı çat-botdan istifadə imkanını məşhur hacker forumlarından birində yalnız keçən ay satmağa başladı. ChatGPT və Google Bard-dan fərqli olaraq WormGPT qanunsuz fəaliyyət ilə bağlı suallara tərtib edilən cavablar məsələsində heç bir məhdudiyyətə sahib deyil. Bu faktı təsdiqləmək üçün çat-botun yaradıcısı onunla olmuş yazışmaların bir hissəsini fotolar şəklində sərgiləyib.
Sərgilənmiş fotolarda çat-bot vasitəsilə Python proqramlaşdırma dilində zərərli proqram təminatı kodunun tərtib edilməsinin və kiberhücumların təşkil edilməsində məsləhətlərin əldə edilməsinin mümkünlüyü əks olunub. Mıəlumata əsasən WormGPT-nin əsasında GPT-J adlı nisbətən köhnəlmiş böyük dil modeli dayanır. Sözügedən dil modeli açıq mənbəli koda sahibdir və o, 2021-ci ildə istifadəyə verilib. Bu dil modeli zərərli proqram təminatı kodları barəsində məlumatlar əsasında təlimatlandırılıb. Buna görə də WormGPT-ni ərsəyə gətirmək elə də çətin bir iş olmayıb.