"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Hər il mayın 17-si “Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2006-cı il 26 mart tarixli qətnaməsinə əsasən, hər il mayın 17-si “Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur. İnformasiya cəmiyyəti anlayışı ictimai həyatın bütün sahələrində, cəmiyyətin və şəxsiyyətin həyat fəaliyyətində informasiyanın rolunun durmadan artırılmasını nəzərdə tutur. İnformasiya cəmiyyətində əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun bir forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Ölkəmizdə informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın qəbulundan sonra ölkəmizdə bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, informasiya və kommunikasiya texnologiyalarının həyatın bütün sahələrində tətbiqinə başlanmış, bu sahənin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. İnformasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə məqsədyönlü tədbirlər görülür. Son illər bu sahənin inkişafı məqsədilə qəbul edilən dövlət proqramları, həyata keçirilən islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına inteqrasiyası, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmış, Azərbaycanın dünya kosmik məkanına inteqrasiyası təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” bu sahənin inkişafına yeni stimul vermişdir.

İnformasiya texnologiyalarının inkişafı sahəsində müəyyənləşdirilən dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İnformasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən bir sıra qurumlara elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə yaradılmış “Elektron hökumət” portalına müvafiq qurumların xidmətləri inteqrasiya edilmişdir.  Bundan başqa, Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin fəaliyyəti davam  etdirilmiş,  bir sıra qurumların  sistemə qoşulması təmin edilmişdir.

Nazirliyin Aparatının məsul şəxslərinin iştirakı ilə rayon mərkəzlərində və kəndlərində monitorinqlər aparılmış, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması üçün operativ və zəruri tədbirlər həyata keçirilmiş, istismar olunan zaman sıradan çıxmış rabitə dirəklərinin, rabitə xətt və abunə qurğularının bərpası istiqamətində müvafiq işlər görülmüşdür.

 Yeni fiber-optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsində vacib amillərdəndir. Bu gün muxtar respublikada fiber-optik telekommunikasiya xətlərinin çəkilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.  Fiber-optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində həyata keçirilən “Evədək optika” layihəsi uğurla davam etdirilmişdir. Optik şəbəkənin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını da xeyli artırmışdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlər internetə qoşulmuşdur. Muxtar respublikanın bütün yaşayış məntəqələrində genişzolaqlı internet xidmətləri göstərilir. Bütün bunlar informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələridir. Həmçinin, 2023-cü ilin ötən dövrü ərzində telekommunikasiya şəbəkəsinin inkişafına dair layihələr icra olunmuş, şəhər, rayon mərkəzlərində və kəndlərdə fəaliyyət göstərən avtomat telefon stansiyalarına internet plataları əlavə edilmişdir.

İnternet xidmətlərinin keyfiyyətinin artırılması, habelə yeni internet saytlarının hazırlanması istiqamətində müvafiq təhlillər aparılmış, müraciətlərinə uyğun olaraq əhaliyə və  dövlət qurumlarına texniki dəstək və metodiki köməkliklər göstərilmiş, yaranmış  çətinliklərin aradan qaldırılması istiqamətində zəruri texniki tədbirlər həyata keçirlimişdir. Bunlarla yanaşı muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlər göstərilməsi istiqamətində də bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasındakı sıx əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi məqsədi ilə nazirliyin mütəxəssisləri üçün təlimlər keçirilib, eləcə də onların kibergigiyena layihəsinə qoşulması təmin edilmişdir. Həmçinin, muxtar respublikada “AzstateNet” internet, voice və data şəbəkəsinin qurulması üzrə də işlər həyata keçirilməkdədir.

2023-cü ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən Naxçıvan Muxtar Respublikasında 11 quruma aid informasiya resursları Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” zonasında yerləşdirilməsi təmin edilib. Hazırda 7 qurumun internet səhifələrinin Xidmətin əməkdaşları tərəfindən audit yoxlamaları həyata keçirilir.

Həmçinin, İnternet saytlarının hazırlanması ilə yanaşı, həmçinin, bir sıra qurumlar “GOV.AZ” domeninə bağlı e-poçt adresləri ilə də təmin olunmuşdur.

Nazirlik tərəfindən muxtar respublikada elektron imzanın tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Cari ilin yanvra-aprel ayları ərzində 5-i sahibkar, 23-ü hüquqi şəxs, 87-si isə dövlət qurumu olmaqla, ümumilikdə 115 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilmişdir.

Muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə etmişdir. Müasir informasiya texnologiyalarının tətbiqi, poçt sisteminin yenidən qurulması, yenitipli elektron xidmətlərin göstərilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Keyfiyyətli televiziya yayımı, elektron medianın inkişafı informasiya cəmiyyətinin qarşıya qoyduğu əsas tələblərdəndir. Muxtar respublikada 2012-ci ilin mart ayından etibarən rəqəmsal yayıma başlanılmışdır. Hazırda muxtar respublikanın bütün yaşayış məntəqələrində  televiziya kanallarının    radio dalğaların  rəqəmsal formatda yayımı təmin edilmişdir. Muxtar respublika ərazisində İP tele­viziyanın yayımı təşkil edilərək sakinlərə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.

İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Belə ki, muxtar respublikada bundan sonra da informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.