Google şirkəti Android smartfonların istifadəçilərinə öz cihazlarında 2G şəbəkəsini deaktiv etməyi məsləhət görüb. Bu, aşağı səviyyəli təhlükəsizlik ilə bağlıdır. Belə ki, aşağı səviyyəli təhlükəsizlik səbəbilə dələduzlar və hakerlər müxtəlif şirkətlərin adlarından saxta mesajlar göndərə bilərlər. 2G şəbəkələrinin aşağı səviyyədə qorunmaya sahib olduqları üçün hakerlər mobil stansiya simulyatorlarından istifadə edə bilərlər. Onlar həmçinin saxta baza stansiyaları (FBS) kimi də tanınırlar.
Bu radio cihazlar mobil cihazların şəbəkə qoşulmalarını əldə etmək üçün əsl mobil stansiyaları imitasiya edirlər. Google şirkətinin hesabatına əsasən son illərdə maliyyə ilə bağlı dələduzluq məqsədlərində FBS-dən istifadə hallarının sayı artıb. Adətən şəbəkə operatorları xüsusi spam filtrindən istifadə edirlər. Xüsusi spam filtri öz növbəsində dələduzlara fişinq (phishing) mesajları yaymaqda çətinliklər yaradır. Lakin FBS-dən istifadə sayəsində onlar bu məhdudiyyətlərdən tamamilə yan keçə bilirlər.