Google şirkətinin Med-PaLM 2 adlı süni zəka əsaslı tibbi çat-botu ABŞ-ın Mayo adlı xəstəxanasında və digər tibbi müəssisələrində test edilir. Tibb sahəsindəki suallara cavabların verilməsi üçün nəzərdə tutulmuş bu çat-bot tibbi xidmətlərin məhdud olduqları ölkələrdə xüsusən faydalı ola bilər. Çat-bot tərəfindən tərtib edilən cavablarda dəqiqliklə bağlı bəzi problemlərin olmasına baxmayaraq o, heç də pis olmayan nəticələr sərgiləyir. Med-PaLM 2 may ayında Google I/O 2023 konfransı çərçivəsində anons edilmiş PaLM-2-nin təkmilləşdirilmiş versiyasıdır.
PaLM-2 isə Google Bard adlı süni zəka əsaslı çat-botun əsasında yerləşən böyük dil modelidir. Məlumata əsasən Med-PaLM 2 tibbi mütəxəssislər tərəfindən yaradılmış və təqdim edilmiş nümunələr vasitəsilə təlimatlandırılıb. Google şirkətinin fikrincə bu faktor pasientlərin səhhətləri ilə bağlı dialoqlarda Med-PaLM 2-ni daha effektiv edir. Med-PaLM 2 tərtib edilən cavablarda bəzi dəqiqlik problemləri ilə qarşılaşsa da, tərtibatçılar böyük dil modellərində bu cür problemləri artıq aradan qaldırmağı öyrəniblər.