Google Lens videolar üzrə axtarış imkanını əldə edib
Google şirkəti Google Lens tətbiqini yeniləyib. Yenilənmiş Google Lens videolar üzrə axtarış etmək özəlliyini əldə edib. Bundan sonra istifadəçi video çəkəndən sonra Google Lens-ə videoda əks olunlar barəsində səs vasitəsilə suallar verə biləcək. Yenilənmiş Google Lens-də istifadəyə verilmiş bu funksiya Google şirkətinin Gemini adlı süni zəka köməkçisi əsasında çalışır. Gemini öz növbəsində istifadəçi tərəfindən çəkilmiş videonu analiz edir və ona verilən suallara cavablar tərtib edir.
Məsələn əgər istifadəçi akvarium görürsə və onun daxilindəki balıqlar barəsində hansısa bir məlumatı əldə etmək istəyirsə, bu zaman o sadəcə olaraq akvariumun videosunu çəkib Google Lens-ə təqdim etməli və onu maraqlandıran sualı səsləndirməlidir. Google Lens öz növbəsində Gemini vasitəsilə istifadəçinin sualına dair internetdəki cavabları təqdim edəcək. Bununla yanaşı Google Lens-də fotolar üzrə axtarış imkanına da səs vasitəsilə sual vermək özəlliyi əlavə edilib.