Google tərtibatçıları şirkətin VLOGGER adlı yeni süni zəka modeli barəsində məlumatlar veriblər. Sözügedən süni zəka modeli yalnız bir fotonun əsasında video tərtib etməyə imkan verir. Hətta bir fotonu belə süni zəka sintez olunmuş səs, hərəkətlər və real görünən emosiyalar vasitəsilə canlandıra bilir. Şirkət tərtibatçıları bildiriblər ki, VLOGGER ayrı-ayrı şəxslərin animasiyaları üçün təlimatlandırmaya ehtiyac duymur və insan üzünün skanına əsaslanmır. Süni zəka videonu geniş seçimdə ssenariləri analiz edərək tərtib edir.
Həmin ssenarilər nitq prosesində olan insanın düzgün şəkildə sintez olunması üçün vacib rol oynayırlar. VLOGGER-in imkanları arasında videonun avtomatik şəkildə müxtəlif dillərə səsləndirilməsi, videonun redaktə olunması və hətta bir foto əsasında çoxlu sayda videonun tərtibatı var. Lakin qeyd etmək lazımdır ki, sözügedən süni zəka modeli tərəfindən tərtib edilən videolar olduqca qısa olurlar. Bununla yanaşı videolarda fon statik olaraq qalır. İnsanların danışıq tərzləri və mimikaları real görünsələr də, süni zəkanın bu prosesdə iştirakını rahatlıqla anlamaq olar.