Muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin əsasını təşkil edən fiber-optik şəbəkə vasitəsilə bütün yaşayış məntəqələrinə və bir sıra qurumlara kəsintisiz rabitə və internet xidmətləri təqdim olunur.
Fiber-optik şəbəkənin genişləndirilməsi evlərə də fiber-optik kabelin çəkilməsinə imkan verir. Cari ilin ilk altı ayı ərzində fiber-optik xətlər üzərindən təmin edilən GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında Naxçıvan şəhərində həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində 46 abonentin mənzilinə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.
Həmçinin, cari ilin ötən dövrü ərzində Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində də bir sıra qurumlara fiber-optik xətt çəkilişi həyata keçirilib, istismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində mühəndislər tərəfindən operativ tədbirlər görülüb.
Qeyd edək ki, GPON texnologiyasının muxtar respublikanın digər rayon və kəndlərində də həyata keçirilməsi nəzərdə tutulur.
Bunlarla yanaşı, 2023-ci ilin ilk altı ayı ərzində muxtar respublikada 848 abonent yeni stasionar telefon xətti ilə, 2423 abonent isə ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin
mətbuat xidməti