Elon Musk dünən İsrailin baş naziri ilə görüşü zamanı X (keçmiş Twitter) sosial şəbəkəsi ilə bağlı gözlənilməz bəyanat verib. Görünür, Musk öz sosial şəbəkəsini hamı üçün ödənişli etmək niyyətindədir. “Bu, çoxlu sayda botlarla mübarizə aparmağın yeganə yoludur” - deyə Musk qeyd edib. Onun sözlərinə əsasən hər bir botun yaradılmasına bir neçə dollar vəsait sərf edilsə, deməli onların yaradılması o qədər də sərfəli olmayacaq. Üstəlik hər bir bot üçün fərqli ödəniş sistemindən istifadə etmək lazım gələcək.
Adi istifadəçilər üçün bu elə də böyük bir problem olmamalıdır. Musk X-dən istifadənin hamı üçün hansı qiymətə başa gələcəyini bildirməyib. Lakin onun sözlərinə əsasən X-dən istifadə haqqı premium abunəliyin aylıq ödəniş haqqından daha aşağı olacaq. Güman etmək olar ki, bu, hər bir istifadəçi üçün 1-3$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, hal hazırda X-in premium abunəliyinin aylıq qiyməti 8$ təşkil edir. Bununla belə sözügedən premium abunəlik olduğu kimi qalacaq.