Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası üçün müasir dövrün tələblərinə uyğun yeni ikimərtəbəli texniki binada inşaat işləri yekunlaşıb. Artıq ötürücü mərkəzin avadanlıqlarının yeni binaya köçürülməsinə başlanılıb. 2020-ci ilin avqust ayında tikintisinə başlanan ikimərtəbəli yeni texniki binanın birinci mərtəbəsində mətbəx, anbar, texniki otaqlar və mühafizə otağı mövcuddur. İkinci mərtəbədə isə televiziya və radiovericilərinin otağı, UPS, requlyator otaqları, mobil operatorların texniki otaqları, eləcə də digər transmissiya və optik şəbəkə vasitələrinin otaqları yerləşir.
Əvvəlki texniki bina 1960-cı illərin sonunda istismara verilib. Hazırda Radio-Televiziya Ötürücü Mərkəz tərəfindən yeni binada demontaj işləri aparılır, televiziya verici, peyk ötürücü və qəbul antennaları, siqnal transport şəbəkələri, anten fider sistemləri, kodlama və mulitpleksləşmə avadanlıqları digər texniki vasitələri köçürülür.
Bundan başqa mobil GSM operatorlarının, Rabitə və Yeni Texnologiyalar Nazirliyinə məxsus telekommunikasiya avadanlıqlarının köhnə binadan demontaj olunaraq, yeni texniki binaya daşınması, quraşdırılması və yenidən tənzimlənməsi işləri də aparılır. Həmçinin Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən binada optik kabelin çəkilişi işləri də aparılır.