“DEFSCOPE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ TƏRƏFİNDƏN BANK ƏMƏKDAŞLARI ÜÇÜN SEMİNAR KEÇİRİLİB

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada fəaliyyət göstərən banklarda çalışan əməkdaşlar üçün “Bank sistemlərinin proqram təminatlarında istifadə olunan müasir proqramlaşdırma texnologiyaları, banklarda informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və bank əməliyyatlarının aparılması zamanı zərərverici proqram təminatlarından müdafiə üsulları” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev rabitə və yeni texnologiyalar sahəsinə  göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının yaxşılaşdırılması, mobil rabitə xidmətinin əhatə dairəsinin genişləndirilməsi diqqətdə saxlanılır. O cümlədən, nazirlik tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Nazir seminarın mövzusunun əhəmiyyətinə də toxunaraq müasir dövrdə informasiyanın qorunması və saxlanılmasının vacibliyini də qeyd edib.

“DEFSCOPE” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sirius Computer Solutions” şirkətinin aparıcı məsləhətçisi, “İNSECO” İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin həmtəsisçisi Vüsal Salmanlı seminar zamanı bildirib ki, informasiya texnologiyaları bank işinin həyata keçirilməsində həlledici rol oynayır və bu texnologiyalar insanlara lazımlı əməliyyatların aparılması üçün əhəmiyyətli dərəcədə şərait yaradır. Müasir texnologiyalardan istifadə və rəqəmsal transformasiya prosesi kiberhücumların artmasına da zəmin yaradır. İnformasiya təhlükəsizliyinin əsas anlayışları, kompüter sistemlərində və şəbəkələrində informasiya hədələri haqqında məlumatlar təhlil edilməli, bu zaman yarana biləcək təhlükələri azaltmaq üçün risklərə nəzarət edilməli, İnformasiya Təhlükəsizliyi sistemlərinin, saxlanılan məlumatların və sənədlərin qorunması, ehtiyat surətlərin yaradılması təmin olunmalıdır. 
Həmçinin, təlimdə bank sektorunda kiberhücumların tipləri, metodologiyası, təhdidlərin növləri, beynəlxalq təcrübədə istifadə olunan kibertəhlükəsizlik həlləri və təhdidlərinin qarşısının alınması üsulları haqqında ətraflı məlumat verilib, banklarda informasiya təhlükəsizliyinin təşkil edilməsi, risklərin effektiv idarə edilməsi və onların səmərəli tətbiqi yollarından bəhs edilib. 
2022-ci il aprel ayının 1-dən qüvvədə olması nəzərdə tutulmuş “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” haqqında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 14 iyul 2021-ci il tarixli Qərarına əsasən banklarda informasiya təhlükəsizliyinin təşkil edilməsi barəsində də seminar iştirakçılarına ətraflı məlumat verilib.
Seminarın sonunda bank əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.