
Çin Hebey əyalətində 10G internet infrastrukturunu istifadəyə verməklə 9834 Mbit/s yükləmə sürətinə malik yeni nəsil şəbəkəni işə salıb. Beləliklə, Çin 10G genişzolaqlı internet infrastrukturunu tətbiq edən ilk ölkə olub. Yeni nəsil internet xidməti Hebey əyalətinin Sunan qraflığında istifadəyə verilib.
"Huawei" və "China Unicom" tərəfindən birgə hazırlanmış bu sistem 9834 Mbit/s-ə qədər yükləmə sürəti təklif edir. Gecikmə isə yalnız 3 millisaniyədir. Bu funksiyaların arxasında 50G Passiv Optik Şəbəkə (PON) texnologiyası dayanır. Yeni texnologiya mövcud fiber infrastrukturu üzərindən məlumat ötürülməsini daha səmərəli edib.
Təxminən 20 GB ölçülü 4K filmin 10G internetlə 20 saniyədən az müddətə endirilə biləcəyi bildirilib. Yeni nəsil texnologiya bulud xidmətləri, virtual və genişlənmiş reallıq proqramları, 8K rezolyusiyaya malik video axını və ağıllı ev sistemləri kimi yüksək bant genişliyi tələb edən sahələrdə istifadə üçün hazırlanıb. Eyni zamanda, sistemin səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sektorlarda daha sürətli və fasiləsiz məlumat ötürülməsini təmin edərək rəqəmsallaşma proseslərinə dəstək verəcəyi bildirilib.
Qeyd edək ki, 1987-ci ildə əsası qoyulan və baş ofisi Şençjendə yerləşən "Huawei" şəbəkə infrastrukturu və telekommunikasiya avadanlıqlarının inkişafı sahəsində fəaliyyət göstərir. Layihədə iştirak edən digər şirkət, "China Unicom", dövlət tərəfindən dəstəklənən üç əsas telekommunikasiya operatorundan biridir və ölkə daxilində həm mobil, həm də stasionar internet xidmətləri təqdim edir.