Chrome brauzerinin Android versiyası videolardakı kadrları yaddaşda saxlama funksiyasını əldə edəcək
Google Chrome brauzerinin desktop versiyası bu və ya digər videodakı hər hansısa kadrı cihazın yaddaşında saxlamaq imkanını verir. Bunun üçün sadəcə olaraq videonu dayandırmaq, lazımi kadr üzərində mouse-un sağ düyməsini klikləmək və müvafiq bəndi seçmək lazımdır. İndi isə görünür, Google Chrome brauzerinin desktop versiyasında olan bu funksiyanı brauzerin Android versiyasında da istifadəyə verməyə hazırlaşır.
Chromium tərtibatçılarının saytında ortaya çıxmış məlumata əsasən şirkət Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasının hər hansısa videodakı kadrı kopyalamaq və ya cihazın yaddaşında saxlamaq imkanını verən funksiya üzərində çalışır. Əgər Google öz brauzerinin Android versiyasına bu funksiyanı inteqrasiya etsə, deməli hər hansısa videonun üzərinə klikləyib saxlamaqla kadrın kopyalanması və ya cihaz yaddaşında saxlanması bəndlərinin ortaya çıxmasına nail olmaq mümkün olacaq. Sözügedən funksiyanın yaxın aylar ərzində istifadəyə veriləcəyi gözlənilir.