ChatGPT öz cavablarını nitq vasitəsilə təqdim etmə funksiyasını əldə edib
OpenAI şirkəti özünün süni zəka əsaslı ChatGPT çat-botu üçün yeni funksiyanı təqdim edib. Təqdim edilmiş funksiya çat-botun öz cavablarını istifadəçiyə nitq vasitəsilə təqdim etmək imkanını verir. ChatGPT üçün olan bu yeni funksiya Read Aloud adını əldə edib. Sözügedən yeni funksiya ChatGPT-nin Android və iOS üçün nəzərdə tutulmuş tətbiqində artıq istifadəyə verilib.
Funksiyanı aktivləşdirmək üçün sadəcə olaraq çat-bot tərəfindən mətn formatında təqdim edilmiş hər hansısa cavaba klikləyib saxlamaq və ortaya çıxacaq kontekst menyuda Read Aloud bəndini seçmək lazımdır. OpenAI həmçinin bildirib ki, Read Aloud funksiyası tədricən ChatGPT-nin veb versiyasına da inteqrasiya edilir. Veb versiyada funksiyadan istifadə etmək üçün çat-botun mətnli cavabının alt hissəsində yerləşən mikrofon ikonuna klikləmək lazım gələcək. Read Aloud funksiyası 35 dili dəstəkləyir və istifadəçilər səslənmə üçün təqdim edilmiş 5 səsdən birini seçə bilərlər.