Azərbaycan I Divizionunda “Araz-Naxçıvan” Naxçıvanda mərkəzi stadionda “Zaqatala” komandası ilə qarşılaşıb
Çempionatın sonuna 3 tur qalmış çempionluğunu təmin edən Naxçıvan təmsilçisi “Zaqatala” ilə oyunda ilk hissəni 0:0 hesabı ilə başa vurub. Oyunun ikinci hissəsində hücumların kəsərini artıran “qırmızı-ağlar” hesabı 2:0 öz xeyirlərinə dəyişiblər. Oyun bu hesabla yekunlaşıb. Qolların müəllifi çempionatın ən sərrast futbolçusu Orxan Əliyev olub. Bununla da “Araz-Naxçıvan” I Divizionda çempionluğunu tam rəsmiləşdirib.
Matçı stadionda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, digər rəsmi şəxslər və muxtar respublika sakinləri izləyiblər.
Oyundan sonra “Araz-Naxçıvan”a doğma meydanda kubok və medallar təqdim olunub.
Qeyd edək ki, stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürov konsert proqramı ilə çıxış edib.