Forrester şirkətinin analitiklərinin proqnozlarına əsasən bu onilliyin sonuna kimi generativ süni zəka təkcə ABŞ-da 2 milyondan çox iş yerini ələ keçirəcək. Proqnozlara əsasən bu, 2030-cü ilə qədər baş verəcək və 2.4 milyon iş yerini əhatə edəcək. Generativ süni zəkadan ilk öncə zərər çəkəcək işçilər isə müxtəlif ofis tapşırıqlarını yerinə yetirən şirkət əməkdaşları olacaqlar. Ümumilikdə isə süni zəka 11 milyon iş yerinə öz təsirini göstərəcək. Məlumatda qeyd edilib ki, avtomatlaşdırma sistemləri və süni zəka 2030-cu ilə kimi ABŞ-dakı iş yerlərinin 4.9%-ni əvəz edəcək.
İş yerlərinin 30%-i isə generativ süni zəka sistemləri tərəfindən zəbt ediləcək. Məlumata əsasən artıq bu il ərzində bu cür sistemlər 90 000 iş yerini əvəz edəcəklər. Bu isə avtomatlaşdırılmış sistemlərin bu və ya digər formada ələ keçirəcəkləri iş yerlərinin 9.3%-ni təşkil edir. Analitiklər bildiriblər ki, bu və ya digər işçinin təhsil səviyyəsi nə qədər yüksək olsa, generativ süni zəka sisteminin onun işinə təsiri bir o qədər böyük olacaq. Eyni tendensiya əmək haqqı mövzusunu da əhatə edəcək. Yəni illik gəlirləri 60 000$-dan az olan işçilər illik gəlirləri 90 000$ və daha yuxarı olan işçilərdən bu mövzuda daha az zərər görəcəklər.