Elon Musk, Mark Zuckerberg, Bill Gates və İT sahənin digər böyük şəxsləri ABŞ Senatının 60 nəfər üzvü ilə birgə bağlı qapılar arxasında süni zəka sahəsinin perspektivlərini və risklərini müzakirə ediblər. Məlumata əsasən qanunvericilər süni zəka sahəsinin tənzimlənməsinə hədəflənmiş qanun layihəsi üzərində çalışırlar. Aparılmış müzakirə çərçivəsində Elon Musk senatorlara bildirib ki, süni zəka insan sivilizasiyası üçün böyük təhlükə mənbəyi ola bilər. Bill Gates isə bu mövzuda fərqli fikirə sahib olub. Onun sözlərinə əsasən süni zəka dünyada olan aclıq problemini aradan qaldırmaq potensialına sahibdir.
ABŞ senatorları qarşısında çıxış edənlər arasında Google, NVIDIA, IBM kimi şirkətlərin rəhbərləri olublar. Müzakirədə iştirak etmiş hər kəs vahid razılaşmaya gəliblər ki, süni zəka dövlətin idarəsi altında inkişaf etməlidir. Lakin bəzi mövzularda ortaq razılaşmanın əldə edilməsi mümkün olmayıb. Belə ki, müzakirə iştirakçıları açıq mənbəli koda sahib süni zəka modelləri mövzusunda fikir ayrılığı ilə qarşılaşıblar. Qeyd etmək lazımdır ki, bu cür süni zəka modellərini istənilən şəxs yükləyə və istifadə edə bilər. Bu cür modellər şirkətlərə və tədqiqatçılara ChatGPT kimi neyron şəbəkəsinin əsasını təşklil edən süni zəka texnologiyalarından istifadə imkanını verirlər.
ABŞ senatorlarının da iştirakı ilə keçirilmiş müzakirədə daha bir qəliz mövzu insanların süni zəka tərəfindən sıxışdırılıb çıxarılması olub. Belə ki, yüz milyonlarla insan süni zəka səbəbilə iş yerlərindən məhrum ola bilərlər. Bəzi texnoloji şirkətlərin rəhbərləri bildiriblər ki, süni zəka sahəsində ola biləcək çoxlu sayda məhdudiyyət həmçinin ABŞ-ın bu sahədə liderliyini təhlükə altına ata bilər. Müzakirə zamanı olmuş digər bir mübahisəli mövzu süni zəka tərəfindən insan sivilizasiyasının məhv edilməsi ehtimalı olub. Aparılmış müzakirənin yekunu üzrə Musk jurnalistlərə bildirib ki, o, ABŞ Konqresinin süni zəka sahəsini tənzimləməyə hazır olduğuna inanmır.