"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Bakıda Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısı keçirilib

Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini nazir vəzifəsini icra edən Rahid Ələkbərli də iştirak edib.

Açılış mərasimində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bildirib ki, XRİTDX tərəfindən 2023-cü ildən yaradılan bu platformada dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərləri hər il toplaşaraq sahə üzrə problemləri müzakirə etməklə yanaşı, yeni imkanları və ideyaları bölüşüblər.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Tural Məmmədov dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyəti ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb. O bildirib ki, 2024-cü ildə dövlət elektron-poçt xidməti üzrə 3 milyondan çox elektron-poçt emal edilib ki, bu emal olunan elektron-poçtların 7 faizi zərərli olduğu üçün bloklanaraq son istifadəçilərin yoluxmasının qarşısını alıb: “2024-cü ildə dövlət qurumlarına baş verən sızma, informasiya təhlükəsizliyi və boşluqlar ilə bağlı 857 bildiriş göndərmişik. Eyni zamanda, hesabat ilində 298 informasiya təhlükəsizliyi auditi həyata keçirilib ki, bunların da 58-i elektron sənəd dövriyyəsinin mərkəzləşdirilmiş sistemə qoşulması və təhlükəsizliyin yoxlanılması ilə bağlı olub. 2024-cü ildə 100 dövlət qurumunun adlarına bənzədilmiş saxta domen aşkarlanıb və ölkə üzrə fəaliyyəti dayandırılıb. Eyni zamanda, dövlət qurumlarının domenlərindən hesab olunan “govaz.am” adlı saxta domen aşkarlanıb. Onun da bloklanması tərəfimizdən həyata keçirilib. Bu da qonşu ölkələrin bizim dövlət qurumlarının hədəf aldığını göstərir”.

Diqqətə çatdırılıb ki, XRİTDX bir sıra dövlət qurumları ilə birlikdə Azərbaycanda ilk dəfə İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri ilə bağlı qayda üzərində işləyir. Həmçinin “Mitri Atack” platformasına bənzər təhdidlər və həllər kataloqu yaradılacaq.

Qeyd olunub ki, XRİTDX yaxın aylarda ilk dəfə Dövlət İnformasiya Ehtiyatları üzrə “Bug bounty” proqramı elan edəcək. Bunun nəticəsində Dövlət İnformasiya Ehtiyatlarında tapılan boşluqlara görə mükafatlandırma həyata keçiriləcək. T.Məmmədov əlavə edib ki, Dövlət Xidməti əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul istifadəyə verib.

Yeniliklərdən bəhs edən Tural Məmmədov bu il Azərbaycanda “Ağıllı Şəhərlərdə Kibermüharibə” tədbirinin keçiriləcəyini vurğulayıb: “Bilirsiniz ki, artıq texnoloji inkişaf “ağıllı evlər”, “ağıllı şəhərlər” konsepsiyasını gündəmə gətirir və bizim də bu iki yarışdakı əsas konseptual yanaşmamız “Ağıllı şəhərlərdə” kibermüharibə necə olur?”, “Bundan necə qorunmaq lazımdır?” və “Bu müdaxiləyə necə hazırlıqlı olmalıyıq?” kimi mövzuları araşdırmağı zəruri edir”, - deyə T.Məmmədov əlavə edib.

Daha sonra tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzi, şöbə rəisi İsgəndər Həsənov tərəfindən “Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizlik üzrə auditi”, “MegaSec” şirkətinin direktoru Qabil Qasımov və CISO İsmayıl Təhməzov tərəfindən “Pentest və Risklər: Kiber Təhlükələrə Qarşı Hazırlıq”, və Diasporla İş üzrə Dövlət Komitəsinin Layihələrin idarə olunması, humanitar məsələlər və İKT şöbəsinin müdiri Cahid Kazımov tərəfindən “Dünya Azərbaycanlılarının İnteraktiv Xəritəsi” mövzularında təqdimatla davam edib.

Tədbir sahə üzrə dövlət qulluqçularının əməyinin stimullaşdırılması üzrə təklif, kiberinsident nümunəsində ölkəmizdəki hədəflər, effektiv mübarizə üçün nələr edilməlidir, yeni tendensiyalar, təhlükələr, dövlət qurumlarının qarşılaşdığı problemlər, təkliflər və açıq müzakirələrlə davam edib.