Muxtar respublikada əhalinin müasir rabitə və internet xidmətləri ilə təmin edilməsi, göstərilən xidmətlərin hər bir sakin üçün əlçatan olması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Yüksəksürətli internet şəbəkəsinin yaradılması, informasiya-kommunikasiya xidmətlərinin müasir tələblər səviyyəsində qurulması, əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması Babək rayonunda da uğurla davam etdirilib. Cari ilin birinci rübü ərzində rayonda 47 abonent yeni stasionar telefon xətti ilə, 164 abonent isə ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub.
Bunlarla yanaşı, rayonun Cəhri və Nehrəm qəsəbələrində, Qahab, Güznüt, Çeşməbasar, Şəkərabad, Zeynəddin və Şıxmahmud kəndlərinin rabitə xətlərində təmir işləri aparılıb. İstismar olunan zaman sıradan çıxmış rabitə dirəklərinin, rabitə xətt və abunə qurğularının bərpası istiqamətində operativ və zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, həmin ərazidə yeni stasionar telefon xətlərinin çəkilişi məqsədilə yeni kabellər çəkilməklə montaj tutumları artırılıb. İstismarda olan kabellər iritutumlu kabellərlə dəyişdirilib. Yeni çəkilmiş kabellərin montaj tutumunun artırılması üçün paylayıcı şkaflarda zəruri texniki tədbirlər də görülüb.
Qeyd olunanlarla yanaşı, əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi üçün mütəmadi olaraq xətt təsərrüfatının vəziyyəti yoxlanılıb, müraciətlərinə uyğun olaraq sakinlərə texniki dəstək və metodiki köməkliklər göstərilib.