Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən Babək Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb.
babek-ih.nakhchivan.az domen adı ilə fəaliyyət göstərən yeni internet saytı həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün yeni sayt müasir üslubda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, istər planşetinin və ya mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğun hazırlanıb.
Yenilənmiş internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “gov.az” domeninə bağlı e-poçt adresləri ilə təmin olunması diqqətdə saxlanılır.
Qeyd edək ki, yenilənmiş informasiya resursu AzStateNet şəbəkəsində yerləşdirilməsi üçün audit olunması məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə göndərilmişdir.