Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Azərbaycan telekanallarına müsahibə verib.
Dövlətimizin başçısı bildirib ki:
- Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt – yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır.
- Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik.
- Əgər neft və qaz kəmərlərini artıq reallaşmış fakt hesab etmək olarsa, baxmayaraq ki, qaz nəqli infrastrukturumuzun genişləndirilməsinə ehtiyac var, əgər dəmir yolu əlaqələri ilə bağlı məsələlərin qismən həll olunduğunu nəzərə alsaq və Azərbaycanın nə tranzit daşımaların təmin edilməsində, nə də öz məhsullarının ixracında xüsusi çətinliklərlə üzləşmədiyini qeyd etsək, - hərçənd, Zəngəzur dəhlizi buna əlavə töhfə olacaq, - o zaman elektrik kabelləri, fiber-optik kabellər, məlumat mərkəzlərinin və süni intellektin fəaliyyəti nəticəsində informasiyanın ötürülməsi və tranziti ilə bağlı məsələlər hazırda konkret olaraq məşğul olduğumuz sahələrdir.